Qrafik oxumağın əsasları

Qrafiklərin öyrənilməsi, texniki analiz adlanan daha geniş bir metodun tərkib hissəsidir. Texniki analiz — keçmiş qiymətlərin və qrafik fiqurların öyrənilməsi yolu ilə gələcəkdə baş verə biləcək hadisələri proqnozlaşdırmağa çalışan bir yanaşmadır. Texniki analiz müxtəlif elementləri əhatə etsə də, qrafiklərin oxunması onun əsasını və təməlini təşkil edir. Treyderlər fiqurları və formasiyaları təhlil etməyi öyrənməzdən əvvəl, qrafikə baxmağı və müəyyən bir dövr ərzində qiymətin arxasındakı ümumi bazar əhval-ruhiyyəsini anlamağı bacarmalıdırlar.

Həyatın digər sahələrində olduğu kimi, qrafiklərə baxmaq və mümkün nəticələri təcrübədən keçirmək, texniki treyderlərin bu sahədə daha peşəkar olmasına kömək edir. Qrafiklər bəzən aydın və trendlər sabit görünə bilər, lakin bazar şəraiti qəfil dəyişə bilər və reallıq gözləntidən fərqli ola bilər.

Trendləri anlamaq

Əgər bir qrafikə ümumi baxış yetirsək, qiymət bir küncdən digərinə doğru yüksəlirsə və ya enirsə, bu zaman yuxarı və ya aşağı trendi asanlıqla müəyyən etmək olar. Daha yüksək zirvələr və daha yüksək enişlər ardıcıllığı artan trendi göstərir. Daha aşağı zirvələr və daha aşağı enişlər isə enən trendi göstərir.

Əgər bazar trenddə deyilsə, qiymət konsolidasiyanı (sabitləşməni) və yan hərəkəti göstərə bilər. Bu isə treyderləri çaşdıra bilər – onlar yeni trendin başladığını düşünə bilərlər. Halbuki bu, sadəcə bazarda mövcud mövqelərin artırılması və ya azalması nəticəsində yaranan tarazlıqdır.

Qrafiklərinin növləri

Xətti qrafik

Xətti qrafik, Şəkil 1-də göstərildiyi kimi, müəyyən bir zaman ərzində bağlanış qiymətlərinin ardıcıllığı əsasında qurulur və seçilmiş zaman çərçivəsinə uyğun olaraq real vaxtda yenilənir. Başqa sözlə, xətti qrafik sizə müəyyən bir saat, gün, həftə və ya digər ticarət zaman aralığı üzrə bağlanış qiymətlərini göstərir.

 

Şəkil 1

C:\Users\w.chehade\Downloads\GBPNZD 1 hour chart CFI.png

Bu qrafik digər vacib məlumatları təqdim etməsə də, bəzi treyderlər yalnız bağlanış qiymətinə fokuslanmağı üstün tuturlar. Onlar hesab edirlər ki, bu yanaşma bazardakı səs-küyü və lazımsız məlumatları süzgəcdən keçirməyə kömək edir və bu üsulla uğurlu və gəlirli ticarət aparmaq mümkündür.

Çubuqlu qrafik

Çubuqlu qrafiklər müəyyən bir dövr ərzində daha çox məlumatı vizuallaşdırmağa kömək edir. Bu qrafik növü həmin zaman intervalında açılış, maksimum, minimum və bağlanış qiymətlərini göstərir və bu məlumatlardan istifadə edərək ticarət qərarlarını dəstəkləyən treyderlər üçün daha faydalı ola bilər.

Məsələn, əgər bağlanış qiyməti xeyli aşağıda və ya əvvəlki çubuqların altındadırsa, treyder diqqətini gün ərzində qiymətin nə qədər yüksəldiyinə yönəldə bilər. Bütün bu məlumatlar bazar əhval-ruhiyyəsini qiymətləndirməyə və  təcrübəli treyderlərin qrafikləri təhlil edərək aşkar edə biləcəyi gizli məqamları üzə çıxarmağa kömək edə bilər.

Maksimum və minimum qiymətlər şaquli xəttlə göstərilir, açılış qiyməti isə sütunun sol tərəfindən çıxan üfuqi xəttlə, bağlanış qiyməti isə sağ tərəfindəki xəttlə göstərilir.

Yapon şamı qrafiki

Yapon şamı qrafikləri, Şəkil 2-də göstərildiyi kimi, çubuqlu qrafiklərə çox bənzəyir və əslində eyni məlumatları göstərir, lakin fərqli bir şəkildə vizuallaşdırılır. Şam qrafiklərində açılış və bağlanış qiymətləri qapalı bir bədən kimi çəkilir və bu bədən düzbucaqlı və ya kvadrat formalı ola bilər.

Əgər zaman çərçivəsindəki ən yüksək qiymət açılış və ya bağlanış qiymətindən yüksəkdirsə, bu, şamın yuxarı hissəsində kiçik bir xətt (kölgə) kimi görünəcək. Ən aşağı qiymət isə açılış və ya bağlanış qiymətindən aşağıdırsa, bu, şamın aşağı hissəsində kiçik bir xətt kimi görünəcək. Bəzən maksimum qiymət açılış və ya bağlanışla üst-üstə düşə bilər; bu hal minimum qiymət üçün də keçərlidir.

Şəkil 2

C:\Users\w.chehade\Downloads\GBPNZD 1 hour candlestick chart CFI.png

Qrafiklərin analizi

Texniki analiz və qrafiklərin öyrənilməsi çox geniş bir mövzudur və treyderlərin özləri öyrənə və inkişaf etdirə biləcəyi yüzlərlə, minlərlə müxtəlif analitik yanaşmanı əhatə edir. Bir çox ticarət sistemləri, o cümlədən çox uğurlu olanlar, bazarda müəyyən bir üstünlük axtararaq saatlarla vaxt sərf edən adi treyderlər tərəfindən hazırlanmışdır.

Bu heç vaxt asan bir iş olmayıb və heç bir treyder hər ticarətdə qalib gələ bilməz, lakin kifayət qədər səbr və təcrübə ilə müəyyən pattern və formasiyaları öyrənmək və ya inkişaf etdirmək mümkündür. Bu fiqurlar düzgün risk idarəetmə parametrləri ilə birlikdə istifadə edildikdə gəlirli ola bilər.

Yapon şamı fiqurları

Şamlarla başlasaq, müəyyən bir dövr ərzindəki hər bir qiymət hərəkəti özü-özlüyündə bir fiqur yarada bilər. Açılışdan xeyli yuxarıda bağlanan, lakin gün ərzində müəyyən qədər zəiflik səbəbindən aşağı səviyyəyə enmiş bir şam fiquru bazarda alış təzyiqini göstərə bilər. Əgər oxşar bir şam erkən zəiflik olmadan formalaşırsa, bu, daha güclü alış təzyiqinin mövcud olduğunu göstərə bilər. Əgər bir şam açılış və bağlanış qiymətləri ətrafında formalaşırsa, bu, alıcılar və satıcılar arasında istiqamət uğrunda mübarizənin getdiyini və qeyri-müəyyənlik olduğunu göstərə bilər.

Bəzi fiqurlar 2 və ya 3 şamdan ibarət ola bilər. Burada da məntiq mühüm rol oynayır: əgər bir şam açılışdan xeyli aşağıda bağlanırsa və zəiflik göstərirsə, ardınca gələn iki müsbət şam qiyməti əvvəlki açılış səviyyəsinə qaytara bilər və bu, dönüş siqnalı ola bilər.

Bu bəzən asan səslənsə də, ticarət səbr, intizam, müşahidə bacarığı və bazarın dinamikasına uyğun uğurlu yanaşma tapmaq üçün sadiqlik tələb edir.

Qiymət patternləri

İndi isə daha geniş formalaşmalara keçək. Daha mürəkkəb fiqurlar, Şəkil 3-də göstərildiyi kimi, daha uzun müddət ərzində qiymət dəyişikliklərini əhatə edə bilər. Müxtəlif şamlar müəyyən fiqurlar yarada bilər və bu fiqurlar keçmişdə müəyyən nəticələr verməklə tanınıb və nisbətən yüksək dəqiqliklə işləyib.

Məsələn, əgər qiymət müəyyən müddət ərzində kiçik eniş-yoxuşlarla yan hərəkət edirsə, bu, alıcılar və satıcılar arasında nəzarət uğrunda qeyri-müəyyən mübarizə kimi qiymətləndirilə bilər. Bu, açılış və bağlanış qiymətləri eyni səviyyədə olan və real bədəni olmayan bir şam fiquruna bənzəyir.

Başqa bir nümunə isə qiymət hərəkətinin üçbucaq formasında daralmasıdır. Bu, treyderlərin hələ də istiqamət uğrunda mübarizə apardığını və bu mübarizənin getdikcə daha da sıxlaşdığını göstərə bilər.

Şəkil 3

C:\Users\w.chehade\Downloads\USDCAD 4 hour trendlines chart CFI.png

Qiymət və yapon şamları fiqurlarının birlikdə istifadəsi

Konsolidasiyaya və diapazon daxilində hərəkətə (ranging) xas dövrlərdə treyderlər bazarın müqavimətlə qarşılaşdığı və aşağıya hərəkət etdiyi səviyyələri müvəqqəti zirvələr kimi müəyyənləşdirə bilərlər. Bu zaman onlar həmin müqavimət səviyyələrinə yaxın bölgələrdə ayı (bearish) şam fiqurlarını izləyə bilərlər. Əksinə, konsolidasiya sahəsinin dəstək səviyyəsində müsbət (bullish) şam fiqurlarını axtaran treyderlər də olur. Əslində, treyderlər bir fiqur içində başqa bir fiqur taparaq uğur ehtimallarını artırırlar.

Bu, treyderlərə yüksək ehtimallı, aşağı riskli və yüksək gəlirli ticarət imkanlarını tapmaqda kömək edən sadə bir yanaşmadır. Lakin bu fiqurların çoxsaylı variasiyaları mövcuddur və buna görə də treyderlər ya uzun saatlar öyrənməli, ya da öz ticarət xarakterlərinə uyğun fiqurları seçməlidirlər.

Uyğunluq və çoxsaylı təsdiqlər

Geniş fiqur müəyyən edildikdən sonra treyderlər müəyyən zaman çərçivəsində yaxşı bir giriş nöqtəsi tapmağa çalışırlar. Daha seçici olan və daha yaxşı risk-mükafat nisbəti axtaran treyderlər zaman çərçivəsini daha da kiçildərək əlavə təsdiq kimi xidmət edəcək kiçik bir şam fiqurunu müəyyən edə bilərlər. Bu daha ağıllı bir ticarət yanaşmasıdır və bir çox treyder bu mikro yanaşmanı davam etdirir, baxmayaraq ki, bu, orta səviyyəli treyder üçün yorucu ola bilər və bir müddət sonra ciddi fərq yaratmaya bilər.

Bununla belə, bir ticarət üçün nə qədər çox təsdiq varsa, həmin ticarətin hədəfə çatma ehtimalı bir o qədər yüksək olur və əgər ticarət uğursuz olarsa, risk növbəti fürsətin potensialı ilə müqayisədə nisbətən az olur.

İndikatorlar

Texniki ticarət indikatorları qiyməti müxtəlif formalarda vizuallaşdırmağa kömək edən formullara əsaslanır. İndikatorlar xüsusi bir şey deyil və əslində qiymətdən törəyir. Buna baxmayaraq, düzgün istifadə edildikdə bazarın necə davrandığını daha yaxşı anlamağa kömək edirlər. 

İndikatorlar əsasən aşağıdakı kateqoriyalara bölünür:

Trend indikatorları

Hərəkətli ortalamalar kimi trend indikatorları (Şəkil 4) treyderlərə cari trendi daha aydın şəkildə vizuallaşdırmağa və qiymətlə hərəkətli ortalama dövrü arasında müəyyən nümunələri tapmağa kömək edir. Ortalamanın meyli artım (yuxarı trend) və ya azalma (aşağı trend) istiqamətini göstərə bilər. Qiymətin hərəkətli ortalama ətrafında dayanması isə potensial dəstək və ya müqavimət səviyyələrini göstərə bilər.

Şəkil 4

C:\Users\w.chehade\Downloads\USDCAD 1 hour 55 MA chart CFI.png

Momentum indikatorları

Momentum indikatorları treyderlərə bazarın yuxarı və ya aşağı trenddə olduğunu daha yaxşı anlamağa kömək edir. Eyni zamanda, bu göstəricilər müəyyən dərəcədə bazarın həddindən artıq alınmış (overbought) və ya həddindən artıq satılmış (oversold) vəziyyətdə olub-olmadığını da müəyyənləşdirməyə imkan verir. Bu iki anlayışı fərqləndirmək asan deyil, çünki trenddə olan bir bazar sağlam görünə bilər və davam edəcək kimi təsir bağışlaya bilər. Lakin əgər şərtlər uyğundursa, əks istiqamətdə ticarət edən treyderlər bazarın dönüşü üçün doğru siqnalları gözləyə bilərlər.

Trend indikatorları ilə və digər qrafik fiqurlarla birlikdə istifadə edildikdə, momentum indikatorları trendin davam edəcəyini, yoxsa dönüşün yaxın olduğunu göstərməyə kömək edə bilər.

Volatillik indikatorları

Volatillik indikatorları (Şəkil 5) bazarın nə qədər dəyişkən olduğunu anlamaqda treyderlər üçün vacib bir hissədir. Bazarın hərəkət diapazonu genişlənir? Son zamanlarda qiymət kəskin şəkildə yuxarı və ya aşağı hərəkət edib? Bazar qiymətin kəskin hərəkətinə səbəb ola biləcək mühüm bir hadisəni gözləyərək dar diapazonda (sərhəddə) ticarət olunurmu?

Bu cür suallar çox vacibdir, çünki volatillik indikatorları bəzən dünya miqyasında baş verən hadisələrlə üst-üstə düşərək bazarda gələcək hərəkət diapazonu ilə bağlı proqnozlar formalaşdırmağa kömək edə bilər.

Şəkil 5

Ticarət həcmi

Həcm, qiymət hərəkətinin arxasındakı gücü anlamaqda mühüm rol oynayır. Güclü həcm ilə müşayiət olunan gözlənilməz bir yüksəliş, yaxşı qurulmuş bir trendin başlamaq üzrə olduğunu göstərə bilər. Əksinə, aşağı həcm bazarda gözlənilməz bir hərəkətin baş verə biləcəyinə işarə edə bilər. 

Kiçik bir şam, lakin böyük həcm – bu bazarda güclü bir mübarizənin getdiyini və yaxın zamanda bir sıçrayışın (breakout) baş verəcəyini göstərə bilər. Ticarət həcmindən kontekst baxımından düzgün istifadə etmək, treyderlərə hərəkətin arxasındakı real gücü daha yaxşı anlamağa kömək edə bilər.

Bazar tsikli (dövrü) indikatorları

Ən məşhur dövr göstəricilərindən və ya strategiyalarından biri Elliott Dalğalarıdır. Bu yanaşma bazarın ya impulsiv (güclü hərəkət edən), ya da korreksiya (düzəliş) mərhələsində olduğunu əsas götürür. Sadə şəkildə desək, əvvəlcə güclü bir artım (bullish) və ya azalma (bearish) hərəkəti gözləyib, sonra əks istiqamətdə bir düzəlişin baş verməsini izləmək və daha sonra ilkin trendin davamını gözləməkdir.

Bu proses hər zaman bu qədər sadə olmaya bilər, lakin bu ideya kifayət qədər aydındır və bir çox treyder bu yanaşma əsasında gəlirli ticarət strategiyaları qura bilmişdir.

Nəticə

Qrafiklərin təhlili ilə bağlı “doğru” və ya “səhv” yanaşma yoxdur. Bir çox treyderlər gələcək qiymət hərəkətlərini proqnozlaşdırmaq üçün qeyri-adi və intuisiya əsaslı metodlardan istifadə edir, digərləri isə ənənəvi və onlayn öyrədilən strategiyalara üstünlük verirlər. Qeyd etmək lazımdır ki, bir neçə fərqli zaman çərçivələrinə baxmaq və ya bir ticarət üçün bir neçə təsdiq siqnalı tapmaq uğur ehtimalını artıra bilər. Üstəlik, uzunmüddətli zaman çərçivələri adətən daha aydın və daha böyük ticarət imkanları yaradır. Hansı metodu seçməyinizdən asılı olmayaraq, güclü risk idarəetmə qaydalarına əməl etməyi unutmayın. Çünki treydinq qumar deyil və onu mənfəət və zərərlərlə müşayiət olunan bir biznes kimi qəbul etmək lazımdır.