Treyderlər maliyyə bazarlarında ticarət edərkən planlı hərəkət etməyin əhəmiyyəti barədə tez-tez xəbərdar edilirlər və bu, verilə biləcək ən dəyərli tövsiyələrdən biridir. Təsadüfi ticarət demək olar ki, heç vaxt sabit, davamlı və uzunmüddətli gəlir gətirmir. Bu cür yanaşma daha çox qumarla müqayisə edilə bilər və treydinqə peşəkar yanaşma prinsiplərinə ziddir. Treydinq bir biznesdir və ona bu baxış bucağından yanaşmaq, treyderin zamanla daha ardıcıl və uğurlu olmasına kömək edə bilər.
Ticarət strategiyasına sahib olmaq — dəqiq müəyyən edilmiş qaydalar və şərtlər toplusuna malik olmaq deməkdir. Bu strategiya, maliyyə bazarlarında qarşılaşa biləcəyiniz bütün ssenarilər üzrə nə edəcəyinizə əvvəlcədən qərar verməyə imkan yaradır, sizi tərəddüddən uzaqlaşdırır. Bu, nizamlı və planlı yanaşma ilə xaotik və qeyri-müəyyən davranış arasında olan əsas fərqdir.
Bazarların daim dəyişkən olması fonunda, ticarət strategiyası sizə bazar şəraitindən asılı olmayaraq, rasional düşüncə və sabitliyi qorumağa kömək edəcək.
Öz Ticarət Strategiyanızı Hazırlayarkən Nələri Nəzərə Almalısınız?
Öz ticarət sisteminizi hazırlayarkən bir sıra vacib məqamları nəzərə almaq lazımdır:
1. Zaman çərçivəsini müəyyənləşdirin
Ticarət strategiyasının ən vacib elementlərindən biri — istifadə edəcəyiniz zaman çərçivəsini (timeframe) əvvəlcədən müəyyənləşdirməkdir. Bu seçim, əsasən, günün hansı saatlarında treydinqə vaxt ayıra biləcəyiniz kimi bir sıra amillərdən asılıdır.
Əgər gündəlik iş qrafikiniz sıxdırsa, o zaman daha uzunmüddətli bir ticarət strategiyasını (Şəkil 1) və ya tam/qismən avtomatlaşdırılmış sistemləri nəzərdən keçirmək sizin üçün daha uyğun ola bilər.
Şəkil 1
Əgər gün ərzində bir neçə saatınız varsa, ticarət strategiyanızı seçməkdə daha geniş imkanlara sahib olursunuz. Siz ya qısa zaman ərzində bir neçə əməliyyat aparılan yüksək tezlikli ticarət (high frequency trading) üsulunu seçə bilərsiniz, ya da həmin əlavə saatlardan istifadə edən daha dərin və spesifik ticarət metodikasını tətbiq edə bilərsiniz.
Eyni zamanda, bəzi bazarlar günün müəyyən saatlarında daha aktiv olur. Məsələn, ABŞ bazarları səhər saatlarında açılır və ticarətə başlayır ki, bu da Avropa treyderləri üçün günün ortasına və ya günortadan sonrasına təsadüf edir. Bu isə onların həmin saatlarda evdə olması səbəbilə ticarət üçün əlverişli ola bilər.
Ümumilikdə, ilk olaraq ticarət zamanı ekran qarşısında nə qədər vaxt keçirə biləcəyinizi və keçirmək istədiyinizi müəyyənləşdirin. Daha sonra isə bu müddətə uyğun ən effektiv yanaşmanı və sizə uyğun olan ticarət üsulunu seçin.
2. Məhsulu müəyyən edin
Qlobal bazarlarda müxtəlif aktiv siniflərinə aid minlərlə maliyyə aləti mövcuddur. Siz səhm və valyuta cütlükləri, əmtəələr, indekslər və ETF-lərlə müxtəlif baza və törəmə maliyyə alətlər (məsələn, fyuçerslər və opsionlar) vasitəsilə ticarət edə bilərsiniz.
Bəzi treyder və investorlar, fəaliyyətini izləyə bildikləri və daha yaxşı başa düşdükləri şirkətlərin səhmlərini almağa üstünlük verirlər. Bu zaman onlar şirkətin göstəricilərini əsas götürərək gözləntilərini formalaşdıra bilirlər. Digərləri isə, bazarın ümumi istiqamətini əks etdirən indekslər və ETF-lərə ( Şəkil 2) investisiya etməyi seçirlər. Daha təcrübəli treyderlər isə qısa müddət ərzində daha yüksək gəlir əldə etmək məqsədilə volatil aktivlərə üstünlük verə bilərlər.
Şəkil 2
Strategiyanıza uyğun bir və ya bir neçə maliyyə alətinin seçilməsi, ilk növbədə ekran qarşısında ticarətə nə qədər vaxt ayıra biləcəyinizdən asılıdır. Uzunmüddətli yanaşma ilə ticarət edənlər üçün qısamüddətli dəyişkənliklər onların strategiyasına ciddi təsir göstərmir.
Digər tərəfdən, gündəlik ticarət (day trading) və ya sürətli əməliyyatlar (scalping) edən treyderlər xam neft kimi daha dəyişkən (volatil) alətlərə ehtiyac duya bilərlər. Bu o demək deyil ki, digər alətlər volatil deyil. Əslində, bütün bazarlar müəyyən dövrlərdə volatillik yaşayır, lakin bəziləri digərləri ilə müqayisədə daha kəskin hərəkətlər göstərir.
3. Trendi müəyyən edin
Bütün ticarət metodları trendin mövcudluğunu tələb etməsə də, bazara yanaşmağın və uğur şansınızı artırmağın ən sadə yollarından biri — maliyyə alətinin cari istiqamətini müəyyənləşdirməkdir. Bəzi treyderlər hərəkətli ortalamalar (moving averages) və ya MACD kimi texniki göstəricilərdən (Şəkil 3) istifadə edərək bazarın istiqamətini daha yaxşı başa düşməyə çalışırlar. Digərləri isə qiymət hərəkətinə (price action) əsaslanaraq artmaqda olan zirvələr və artan diblər və ya azalan zirvələr və azalan diblər axtararaq trendin istiqamətini təhlil edirlər.
Şəkil 3
Hansı metodu seçməyinizdən asılı olmayaraq, trendin müəyyənləşdirilməsini ticarət strategiyanızın bir hissəsinə çevirmək vacibdir, çünki bu, ticarət nəticələrinizin effektivliyini artırmağa kömək edəcək.
4. Riski müəyyənləşdirin
Uğurlu ticarət strategiyası aydın şəkildə müəyyən olunmuş risk parametrlərini əhatə etməlidir. Bazarda nə qədər düzgün hərəkət etsəniz də, gözlənilməz xəbərlər və ya qəfil geosiyasi gərginliklər bir anda bazarların istiqamətini dəyişə bilər və bu, sizi gözlənilmədən riskli vəziyyətdə qoya bilər. Mövcud bazar trendini müəyyən etdikdən və zaman çərçivənizi və seçdiyiniz maliyyə alətini müəyyənləşdirdikdən sonra mövqeyinizi bu amillərə uyğun qurmaq çox vacibdir.
Əgər ticarət etdiyiniz alət volatildirsə və uzunmüddətli yanaşma seçsəniz belə, daha geniş stop-loss səviyyələrinə ehtiyac duyduğunuzu düşünürsünüzsə, bu halda yüksək kredit çiynindən istifadə etməməyiniz tövsiyə olunur. Bunun əvəzinə, daha kiçik mövqelərlə ticarət etmək və qısa müddətdə kəskin dəyişikliklər göstərməyən alətlərdə çevik olmaq daha məqsədəuyğundur.
Qısamüddətli strategiyalarla ticarət edən treyderlər üçün isə, əgər stop-loss əmrləri tətbiq olunub və risklər əvvəlcədən müəyyən edilibsə, daha böyük mövqelərlə ticarət etmək mümkündür.
5. Giriş Nöqtələri
Artıq ticarət strategiyasının əsas elementləri müəyyən edildikdən sonra, bazarın ən optimal risk-mükafat nisbəti ilə nə zaman daxil olunmalı olduğunu müəyyənləşdirmək vaxtı çatıb.
Uzunmüddətli ticarət strategiyaları giriş nöqtələrin müəyyən edilməsində əlavə dəqiqliyə ehtiyac duymasa da, düzgün zamanlamanın müəyyən edilməsi riski azaltmağa və potensial gəliri artırmağa kömək edə bilər. Məsələn, əgər siz gündəlik qrafiklərdə ticarət aparırsınızsa və strategiyanız potensial ticarət fürsətini göstərirsə, daha məqsədyönlü yanaşma bu qərarı 4 saatlıq və ya 1 saatlıq qrafiklərdə qiymət geri çəkilmələrinə əsaslanaraq daha əlverişli risk-mükafat nisbəti ilə ticarətə daxil olmaqdır.
Bəzi treyderlər hətta 30 və ya 15 dəqiqəlik qrafiklərə keçərək daha dəqiq giriş nöqtəsi axtara bilərlər. Bu metod bəzən fərq yarada bilər, lakin çox zaman lazımsız stress və gərginliyə səbəb ola bilər.
Bu mütləq daha kiçik zaman çərçivələrinə baxmaq demək deyil – çünki bəzi treyderlər artıq kifayət qədər sürətli qrafiklərlə işləyirlər. Lakin bu, bəzi ticarət imkanlarını buraxmaqla belə, yalnız ən əlverişli olanlara üstünlük vermək üçün müxtəlif amilləri bir araya gətirərək ən optimal mövqeyi müəyyən etmək deməkdir.
Treydinq edəcəyiniz zaman çərçivənizdən daha kiçik bir zaman çərçivəsində sisteminizi tətbiq etmək, sizə daha optimal giriş imkanı verə biləcək siqnal təqdim edə bilər.
6. Çıxış Nöqtələri
Hər hansı ticarət sisteminin son mərhələsi çıxış strategiyanızdır. Bəzi treyderlər risk səviyyələrinə uyğun olaraq əvvəlcədən müəyyən edilmiş müəyyən sayda punkt və ya faiz nisbətində çıxış etməyi seçirlər və bu strategiyaya hər hansı dinamika daxil etmirlər. Bu yanaşma sistematik olduğu üçün işləyə bilər, lakin bazarın xüsusiyyətləri ən kiçik dəyişikliklərə məruz qaldıqda belə, uzun müddətdə strategiya uğursuz ola bilər.
Başqaları isə bazar mövqeyinin istiqamətində hərəkət etdikdə avtomatik olaraq sürüşən stop (trailing stop) istifadə edə bilərlər. Mənfi tərəfi isə odur ki, bazar geri çəkilə bilər, mövqeyinizi bağlaya və sonra planlaşdırılan istiqamətdə hərəkətini davam etdirə bilər. Bu yanaşma trend çox güclü olduqda və korreksiyalar minimum səviyyədə olduqda effektivdir.
Bəzən treyderlər və investorlar birdən çox hədəf (qiyməy səviyyəsi) təyin etməyi üstün tuturlar ki, bu da müəyyən səviyyədə mövqelərinin bir hissəsini bağlayaraq müəyyən mənfəəti təmin etməyə imkan verir. Bu, daha təhlükəsiz yanaşmadır, lakin qazancı məhdudlaşdıra bilər.
Mövqeyini baölamaqda düzgün və ya səhv yanaşma yoxdur. Yenə də, bu, ticarət tərzinizdən asılıdır.Ümumi qayda olaraq, qısa müddətli treyderlər sağlam risk-mükafat nisbətini qorumaq üçün sabit məqsədlərə sahib olmalıdırlar, uzun müddətli treyderlər isə mövqeyi bağlama üsullarında bazarın uzunmüddətli volatilliyi və davam edən trendlərə əsaslanaraq bir qədər daha çevik olmalıdırlar.
7. Öz addımlarınızı qeyd edin
Fikirlərinizi və yanaşmalarınızı yazmaq onları yadda saxlamağa və zamanla təkmilləşdirməyə kömək edir. Ticarət strategiyanız üçün də bu çox önəmlidir. Hər gün bazara necə yanaşdığınızı və növbəti ticarətiniz üçün atdığınız addımları qeyd edin. Daha sonra ticarətin nəticəsini yazın və qazanc gətirən və ya itkiyə səbəb olan amilləri analiz edin.
Bu üsul səhvləri anlamağa və gələcəkdə onlardan yayınmağda kömək olacaq. Eyni zamanda, ticarətinizin uğurlu olmasına səbəb olan faktorları müəyyən edib, bu şərtlər olduqda ticarətə daha çox diqqət ayıra bilərsiniz.




