Bəli. ABŞ fond birjaları 2026-cı il oktyabrın 12-də, bazar ertəsi, Kolumb Günü münasibətilə adi qrafik üzrə fəaliyyət göstərəcək. Bu gün bir çox ştat və şəhərdə Yerli Xalqlar Günü (Indigenous Peoples’ Day) kimi də qeyd olunur.
İstiqraz bazarı, Federal Ehtiyat Sisteminin ödəniş sistemləri və əksər banklar bağlı olacaq. Buna görə də maliyyə bazarlarında fərqli iş qrafiki tətbiq ediləcək: səhmlərlə ticarət normal qaydada davam etsə də, maliyyə əməliyyatlarını dəstəkləyən bir çox sistem fəaliyyət göstərməyəcək.
Kolumb Günü: Fond Birjasının İş Saatları və Ticarət Cədvəli
New York Fond Birjası (NYSE), NYSE American, NYSE Arca və Nasdaq Stock Market Kolumb Günü münasibətilə tam ticarət sessiyaları keçirir. Adi ticarət Bakı vaxtı ilə 17:30-dan 00:00-dək (Şərq vaxtı ilə 09:30–16:00) davam edir. Həmçinin, adətən olduğu kimi, bazar açılmazdan əvvəl və bağlandıqdan sonra da ticarət sessiyaları mövcuddur. Kolumb Günü iri səhm birjalarının bağlandığı on rəsmi bayram günü sırasına daxil deyil.
Digər bazarlar da fəaliyyətini davam etdirir. CME Group S&P 500 və Nasdaq-100 kimi səhm indeksləri üzrə fyuçerslərin, eləcə də ABŞ Xəzinədarlıq istiqrazları üzrə fyuçerslərin Globex platformasında ticarətini davam etdirir. Bununla belə, Xəzinədarlıq istiqrazları üzrə fyuçerslər üçün dəyişdirilmiş iş saatları tətbiq olunur.
Bu fərqin səbəbi bazarların iş təqviminin müxtəlif qurumlar tərəfindən müəyyən edilməsidir. Fond birjaları SEC-in (ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası) nəzarəti altında öz qaydalarına əsasən fəaliyyət göstərir. İstiqraz bazarı isə sektorun tövsiyələrini və federal bank bayramları təqvimini əsas götürür.
Kolumb Günündə İstiqraz Bazarı Açıqdırmı?
Xeyr. ABŞ-ın spot istiqraz bazarı bağlıdır. Qiymətli Kağızlar Sənayesi və Maliyyə Bazarları Assosiasiyası (SIFMA) ABŞ Xəzinədarlıq istiqrazları, dövlət agentliklərinin ipoteka ilə təmin edilmiş qiymətli kağızları, bələdiyyə istiqrazları, investisiya reytinqli və yüksək gəlirli korporativ istiqrazlar, kommersiya kağızları və bankların maliyyələşdirmə alətləri üzrə ticarətin tam dayandırılmasını tövsiyə edir. SIFMA-nın tövsiyəsi hüquqi baxımdan məcburi olmasa da, bazar iştirakçıları, bir qayda olaraq, ona əməl edirlər.
Federal Ehtiyat Bankları da bağlı olur. Nəticədə, Fedwire və FedACH ödəniş sistemləri fəaliyyət göstərmir. Kommersiya banklarının filialları da bağlıdır, lakin onlayn bank xidmətləri əlçatan qalır.
Bu, səhm treyderləri üçün niyə vacibdir?
Səhm bazarları adətən ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirlilik göstəricilərini nəzərə alır. Spot istiqraz bazarı bağlı olduqda gəlirlilik əyrisi üzrə yeni məlumatlar real vaxtda yenilənmir. Buna görə treyderlər və alqoritmlər qiymətlərin formalaşmasında mühüm rol oynayan göstəricilərdən biri olmadan fəaliyyət göstərirlər.
Xəzinədarlıq istiqrazları üzrə fyuçerslərin ticarəti davam etsə də, spot bazar qiymətləri istiqamətləndirici rol oynamadığından fyuçerslərlə spot istiqrazlar arasındakı adi qiymət əlaqəsi həmin gün zəifləyə bilər.
Kolumb Gününün Səhm Ticarətinin Həcminə və Bazar Likvidliyinə Təsiri
Birjalar açıq olsa da, ticarət şəraiti adətən adi bazar ertəsi günləri ilə müqayisədə daha zəif olur. Buna bir neçə amil təsir edir:
- Spot istiqraz qiymətlərinin olmaması: ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirlilik göstəriciləri real vaxtda yenilənmədikdə, market-meykerlər və kəmiyyət strategiyalarından istifadə edən iştirakçılar səhmləri qiymətləndirərkən daha çox qeyri-müəyyənliklə üzləşirlər.
- Pul köçürmələrinin dayanması: Fedwire sistemi işləmədiyi üçün girov və banklararası pul köçürmələrində gecikmələr yaranır.
- Sabit gəlirli alətlər üzrə dilerlərin fəaliyyətsizliyi: İlkin dilerlər istiqraz bazarında market-meykinq fəaliyyətini dayandırırlar. Bu, institusional kapitalın geri çəkilməsinə və əlaqəli qiymətli kağızlarda alış-satış qiymətləri arasındakı fərqin (bid-ask spread) genişlənməsinə səbəb ola bilər.
- Fyuçers və spot bazarları arasında əlaqənin zəifləməsi: ABŞ Xəzinədarlıq istiqrazları üzrə fyuçerslər ticarət olunsa da, onları spot istiqrazlarla adətən uyğunlaşdıran arbitraj əməliyyatları məhdudlaşır.
Təsir ən aydın şəkildə istiqraz ETF-lərində müşahidə olunur. Bu fondların səhmləri birjalarda gün ərzində ticarət olunsa da, fondların portfelindəki istiqrazlarla həmin gün ticarət aparmaq mümkün olmur. ETF səhmlərinin yaradılması və geri alınması prosesində iştirak edən səlahiyyətli iştirakçılar (authorized participants) əsas istiqraz səbətlərini formalaşdıra və ya sata bilmirlər. Nəticədə, bu fondların bazar qiymətləri onların xalis aktiv dəyərindən (NAV) adi günlərlə müqayisədə daha böyük mükafat və ya endirimlə fərqlənə bilər.
Bayram Günlərində Ticarət Sessiyaları Zamanı İnvestorları və Treyderləri Nələr Gözləyir?
Hesablaşma müddətlərində dəyişikliklər. Federal Ehtiyat Sistemi bağlı olduğu üçün Kolumb Günü hesablaşma günü hesab edilmir. T+1 hesablaşma dövrünə əsasən, bayramdan əvvəlki cümə günü həyata keçirilən əməliyyatlar çərşənbə axşamı, Kolumb Günündə həyata keçirilən əməliyyatlar da çərşənbə axşamı hesablaşır. Bu isə klirinq sistemində qeyri-adi dərəcədə yüksək əməliyyat yükü yaradan “ikiqat hesablaşma günü” ilə nəticələnir. Çərşənbə axşamı həyata keçirilən əməliyyatlar isə adi qaydada çərşənbə günü hesablaşır.
Marja üzrə son tarixlər. Regulation T və FINRA-nın 4210-cu Qaydasına əsasən, marja çağırışları və müddətin uzadılması ilə bağlı müraciətlər üçün son tarixlər hesablanarkən bayram günü iş günü kimi nəzərə alınmır.
Maliyyələşdirmə prosesində gecikmələr. Broker hesabları səhm sifarişlərini qəbul edir və icra edir, lakin həftəsonu və ya bazar ertəsi başladılan ACH köçürmələri və bank köçürmələri banklar yenidən açılanadək gözləmədə qalır. Brokerlər depozitlərə çox vaxt müvəqqəti məhdudiyyətlər tətbiq edirlər. Buna görə də yeni yatırılan vəsaitlər dərhal alıcılıq qabiliyyətini artırmaya bilər.
İnvestorlar və Treyderlər üçün Əsas Məqamlar
- Likvidlik və qiymət hərəkətləri: Rəsmi bayram günlərinə təsadüf edən ticarət sessiyaları zamanı likvidlik səviyyəsi və alış-satış qiymətləri arasındakı fərq (bid-ask spread) dəyişə bilər.
- Əməliyyatların hesablaşması: Bank sistemlərinin bağlı olması bəzi əməliyyatların hesablaşma qrafikinə təsir göstərə bilər. Sistemlər yenidən fəaliyyətə başladıqdan sonra əməliyyatların emalı adi qrafikə uyğun bərpa olunur.
- İstiqraz və fyuçers bazarları: Spot istiqraz bazarı bağlı olsa da, səhmlər və fyuçers müqavilələri müvafiq bazarların müəyyən etdiyi qrafikə uyğun ticarət olunur.
- Bazarın izlənilməsi: Müxtəlif bazarlarda ticarət saatları və hesablaşma qrafikləri arasındakı fərqləri anlamaq rəsmi bayram günlərində ticarət şəraitini daha aydın qiymətləndirməyə kömək edir.



-1793104056.webp)