USD/JPY yenidən 160 səviyyəsinə yaxınlaşır və iyul ayında ABŞ və Yaponiya tərəfindən həyata keçirilən koordinasiyalı müdaxilədən əldə etdiyi qazancın böyük hissəsini geri verib. ABŞ hökuməti Yaponiyada inflyasiyanın hədəfdən yüksək olması səbəbilə faizlərin normallaşdırılması prosesinin daha tez başlamasını tələb edir. Yaponiya Mərkəzi bankı (BOJ) isə bu məsələyə uzun müddət önəmli reaksiya verməyib.

Yaponiya siyasətçiləri isə onsuz da kövrək vəziyyətdə olan iqtisadiyyata mənfi təsir göstərməmək üçün daha ehtiyyatlı hərəkət etməyə üstünlük verirlər. Burada əsas sual ondan ibarətdir ki, valyuta bazarına müdaxilə həqiqətən uzunmüddətli həll ola bilərmi, yoxsa bu yalnız müvəqqəti tədbirdir?

Yaponiyada inflyasiya (CPI) göstəricisi son dörd ildə BOJ-un 2%-lik inflyasiya hədəfindən yuxarı olub. Buna baxmayaraq, əsas faiz dərəcəsi 1% səviyyəsində sabit qalıb. ABŞ dolları və avro ilə faiz fərqinin bu qədər böyük olması yapon yeninə təzyiq göstərir və daha yüksək gəlir axtaran investorları Yaponiyadan kənara yönəldir.

Gəlirlilik Fərqinin Reallığı

Bu fərqin yaranmasının üç əsas səbəbi var:

Birinci səbəb Yaponiyanın dövlət borcudur. Dövlət borcunun ÜDM-ə nisbəti 250%-dən çoxdur. Faiz dərəcəsinin hər 25 baza bəndi artırılması dövlətin illik xərclərini təxminən 45 milyard dollar artırır. Bu, inkişaf etmiş ölkələrin mərkəzi bankları arasında daha əvvəl görülməmiş miqyasda maliyyə yüküdür.

İkinci səbəb Yaponiyanın enerji ehtiyaclarının demək olar ki, hamısını idxal etməsidir. Hörmüz boğazında yaranan gərginlik fonunda neft və mayeləşdirilmiş təbii qaz qiymətlərinin artması inflyasiyanın böyük hissəsinin xarici ticarət şokundan qaynaqlandığını göstərir. Belə inflyasiyanı yalnız faiz dərəcələrini artırmaqla həll etmək mümkün deyil.

Üçüncü amil siyasətdir. Burada xüsusilə 2006-cı il təcrübəsi diqqət çəkir. Həmin dövrdə BOJ faizləri erkən artırdıqdan sonra iqtisadi artım zəifləmişdi. Keçmiş baş nazir Şinzo Abe belə erkən monetar sərtləşməni dəstəklədiyi üçün sonradan üzr istəmişdi. Bu isə faizlərin normallaşdırılmasına qarşı siyasi müqavimətin hələ də mövcud olduğunu göstərir.

Siyasət Tələsi

Faiz fərqində strukturlu dəyişiklik baş vermədiyi müddətdə valyuta bazarına müdaxilənin uzunmüddətli həll edilməsi çətin görünür. Son dövrlərdə Yaponiya hakimiyyətinin müdaxilələri də bunu göstərir. Müdaxilələr yenin müəyyən müddət ərzində möhkəmlənməsinə kömək etsə də, bu uzun müddət qoruna bilmədi. Yen yenidən dəyər itirdi və USD/JPY 160 səviyyəsinə doğru hərəkət etməyə başladı.

Siyasətdə dəyişiklik olmadığı üçün maliyyə bazarının iştirakçıları bu müdaxilələri əsasən qısamüddətli tədbir kimi qiymətləndirdilər.

Yaponiya hakimiyyəti bir növ qapalı dövrə düşüb. Faiz fərqini azaltmaq istəməmək valyuta müdaxilələrinin yalnız müvəqqəti həll kimi qəbul edilməsinə səbəb olur.

Digər tərəfdən, faizlərin çox sürətlə artırılması iqtisadi artım üçün vacib olan kapital formalaşmasına mane ola bilər. Xüsusilə süni intellekt infrastrukturu kimi böyük investisiya tələb edən sahələr bu riskə daha çox məruz qala bilər.

Nizamlı Şəkildə Mövqelərin Bağlanması - Normallaşma

Şok xarakterli faiz artımlarına alternativ, ABŞ və Yaponiya arasında faiz dərəcələrinin tədricən bir-birinə yaxınlaşması nəticəsində carry trade əməliyyatlarının mərhələli və nizamlı şəkildə azalması ola bilər.

FED faiz dərəcələrini aşağı saldıqca, BOJ isə tədricən faiz artırdıqca, iki ölkə arasındakı faiz fərqi azalacaq. Bu, Yapon kapitalının ölkəyə geri qayıtmasına səbəb ola bilər. Eyni zamanda, Yaponiya dövlət istiqrazları investorlar üçün daha cəlbedici görünməyə başlaya bilər.

Nəticədə yen möhkəmlənə, idxal xərcləri azala və inflyasiya aşağı düşə bilər. Bu ssenari iqtisadiyyatı resessiyaya sürükləyə biləcək kəskin monetar sərtləşdirməyə ehtiyac olmadan həyata keçirilə bilər.

Texniki Analiz

155 səviyyəsi mühüm dəstək zonası kimi formalaşıb. USD/JPY bu səviyyədən bir neçə dəfə uğurla yüksəlib və son artım zamanı cütlük 1%-dən çox bahalaşıb.

Eyni zamanda, qiymət 50 günlük hərəkətli ortalamanın (SMA50) üzərində qalmaqda davam edir. Bu isə USD/JPY üzrə ümumi yüksəliş trendinin hələ də qüvvədə olduğunu göstərir.