Bu Həftə Qlobal Bazarlarda ABŞ-ın İnflyasiya Göstəriciləri və Trump-Çin Sammiti Əsas Mövzulardır.

Qlobal maliyyə bazarları mühüm iqtisadi və geosiyasi hadisələrin təsiri ilə həlledici həftəyə hazırlaşır. Gündəmin əsas mövzuları: ABŞ-da aprel ayı üzrə inflyasiya göstəriciləri, Prezident Donald Trump ilə çinli həmkarı arasında keçiriləcək iki günlük sammit və Federal Ehtiyatlar Sistemində baş verəcək mühüm rəhbərlik dəyişikliyidir.

Bazarlar Niyə Bu Həftə ABŞ-ın İnflyasiya Məlumatlarına Bu Qədər Diqqət Yetirir?

Aprel ayının istehlakçı qiymətləri indeksi və istehsalçı qiymətləri indeksi göstəriciləri ayın ən çox gözlənilən iqtisadi məlumatları arasındadır. Analitiklər hesab edirlər ki, bu rəqəmlər mart ayı göstəricilərinə nisbətən inflyasiyanın istiqamətini daha aydın göstərəcək. Bu xüsusilə vacibdir, çünki ABŞ-da enerji qiymətləri son aylarda təxminən iki dəfə artıb.

Aprel məlumatları həm də iyun ayındakı inflyasiya hesabatı üçün mühüm öncül göstərici rolunu oynayır. İyun hesabatı isə FED-in növbəti iclasından cəmi bir neçə gün əvvəl açıqlanacaq. Bu ardıcıllıq pul siyasəti qərarvericilərinə faiz dərəcələri ilə bağlı daha dəqiq və qəti qərar vermək üçün daha aydın informasiya verir.

Bazarlar üçün Müsbət Ssenari: Əgər inflyasiya həm aylıq, həm də illik əsasda aşağı düşərsə, Kevin Warsh FED sədri vəzifəsi təsdiqlənərsə və geosiyasi gərginliklər azalmağa davam edərsə, səhm bazarlarında kəskin və genişmiqyaslı yüksəliş (ralli) müşahidə oluna bilər.  

Bu Həftə İzləniləcək Əsas İqtisadiyyatlar

Birinci, ABŞ

ABŞ iqtisadi təqvimi bu həftə olduqca doludur. İnflyasiya göstəricilərindən əlavə, bazarlar aşağıdakı məlumatları da izləyəcək:

  • Pərakəndə satışlar (Retail Sales): Yüksək enerji qiymətləri fonunda istehlakçıların xərcləmə gücünü ölçən real vaxt göstəricisi.
  • Mövcud ev satışları (Existing Home Sales): Daşınmaz əmlak bazarının dayanıqlılığını göstərən indikator.
  • Sənaye istehsalı (Industrial Production) (Cümə günü): Fevralın sonlarında başlayan pozuntulardan sonra enerji qiymətlərinin təxminən 50% artması fonunda istehsalçıların vəziyyətini göstərir.

FED tərəfdə isə, 15 may tarixində Jerome Powell-in ikinci sədrlik müddəti başa çatır. Senat isə Kevin Warsh-ın onun varisi kimi təsdiqini bu həftə istənilən vaxt səsverməyə çıxara bilər.

Bundan əlavə, bütün diqqət ABŞ Prezidenti Donald Trump-ın Çin səfərinə yönəlib. O, Çin Prezidenti Xi Jinping ilə iki günlük sammit keçirəcək.

Əsas sual budur: bu görüşlər tam bir ticarət razılaşması ilə nəticələnəcək, yoxsa ötən ilin sonunda Cənubi Koreyada əldə olunan kövrək iqtisadi “atəşkəs”i sadəcə möhkəmləndirəcək?

Bu səfər Çin iqtisadiyyatının enerji şokuna gözləniləndən daha dayanıqlı reaksiya verməsi və hər iki tərəfin rəqabətli texnologiya sektorlarında yeni tənzimləyici addımlar atması fonunda baş tutur.

İkinc, Avrozona

Avropanın iqtisadi təqvimi ABŞ-a nisbətən daha zəif olsa da, hələ də əhəmiyyətini qoruyur. Əsas açıqlanacaq məlumatlara aşağıdakılar daxildir:

  • Almaniya, Fransa, İsveçrə və İsveçdən gələn inflyasiya göstəriciləri;
  • Avrozonanın yenilənmiş I rüb ÜDM rəqəmləri (konsensus göstəricilərin sabit qalacağını proqnozlaşdırır);
  • Avrozonanın Sənaye İstehsalı.

Böyük Britaniyada isə investorlar Leyboristlər Partiyasının yerli seçkilərdəki ciddi itkilərindən sonra iqtisadi perspektivləri yenidən nəzərdən keçirirlər. Bu nəticə ilin ikinci yarısına doğru həm fiskal (büdcə), həm də monetar (pul-kredit) gözləntilərin dəyişməsinə səbəb ola bilər.

Asiya İqtisadiyyatı

1. Çin

Çin bu həftə qlobal diqqətin mərkəzindədir. Donald Trump və Xi Jinping arasında keçiriləcək sammit iki tərəfin “gözləmə vəziyyətindən” çıxıb-çıxmayacağını və ticarət axınları, süni intellekt, tariflər və Çinin davam edən geosiyasi gərginliklərin həllində potensial rolu kimi sahələrdə konkret razılaşmalara gedib-getməyəcəyini yoxlayacaq.

Analitiklər hazırkı bazar əhval-ruhiyyəsini ümumilikdə “ehtiyatlı nikbinlik” kimi xarakterizə edirlər. Çinin qlobal geosiyasətdə sabitləşdirici qüvvə kimi çıxış etmə qabiliyyəti mühüm müsbət katalizator hesab olunur. Əgər sammit uğurlu olarsa, bu, dünyanın iki ən böyük iqtisadiyyatı arasında iqtisadi əlaqələrin daha da güclənməsinə təkan verə bilər.

2. Yaponiya

Yaponiyanın iqtisadi təqvimi bu həftə kifayət qədər seyrəkdir, bu da əsas diqqəti yenin məzənnəsinə yönəldir. Yaponiya Bankının (BoJ) bazara müdaxilə ehtimalları yüksək olaraq qalır, xüsusən də ABŞ-ın Maliyyə Naziri Scott Bessent Tokioya gözlənilən səfəri fonunda. Analitiklər hesab edirlər ki, bu səfər Yaponiya valyutasına birbaşa dəstək verə bilər.

Treyderlər həmçinin məişət xərcləri göstəricisini izləyəcəklər. Bu məlumat artan enerji qiymətlərinin Yapon istehlakçılarının alıcılıq gücünü necə azaltdığı barədə yeni bir qiymətləndirmə təqdim edəcək.